Almaniya vətəndaşlığını qəbul etmiş və ya qəbul etmək üçün ərizə vermiş Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanununun 10-cu maddəsinin ikinci hissəsində qeyd olunur:
“Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.
24 Aprel 2020 tarixində Milli Məclisdə 10-cu maddənin ikinci hissəsinin ikinci cümləsinin çıxarılması təklif edilmişdir.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq II oxunuşda qəbul edilmişdir.
Nəzərinizə çatdıraq ki, ikinci oxunuşda qəbul edilmiş qanun layihəsi müzakirə zamanı müəyyənləşdirilmiş daxili ziddiyyətlərin aradan qaldırılması və redaktə edilməsi üçün aparıcı daimi komissiyaya qaytarılır. Bundan sonra aparıcı daimi komissiya üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsini Milli Məclisin sədrinə göndərir. Milli Məclisin sədri qanun layihəsinə üçüncü oxunuşda baxılmasını Milli Məclisin iclasının gündəliyinə salır. Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 19-cu maddəsinə əsasən, üçüncü oxunuş zamanı qanun layihəsi bütövlükdə səsə qoyulur. Qanun layihəsinin üçüncü oxunuşu zamanı onun mətnində dəyişikliklər edilə bilməz.
Qanuna dəyişikliklər qəbul olunarsa xarici dövlətin vətəndaşlığını qəbul etmiş və bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməyən Azərbaycan Respublikasının vətəndaşları üçün hal-hazırda qanunda nəzərdə tutulmuş cinayət məsuliyyəti aradan qaldırılacaq.